Şriftin ölçüsü :

Saytın rəngi :

Zəngilan Rayon İcra Hakimiyyəti başçısının 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirildi

13 iyul 2018 | 16:00

Zəngilan Rayon İcra Hakimiyyəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında ölkə başçısının giriş və yekun nitqində qarşıya qoyulmuş vəzifələr baxımından öz işini təhlil etdi. İclasda RİH başçısının müavinləri, aparatın məsul işçiləri, rayonun hüquq-mühafizə orqanları, idarə-müəssisə rəhbərləri, inzibati ərazi dairələri üzrə nümayəndələr iştirak etdilər.
Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov  8 iyul 2018-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin  cari ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr edilmiş iclası barədə məlumat verdi.
Rayon rəhbəri çıxışında bildirdi ki, bu ilin birinci yarısında ölkəmizdə iqtisadi inkişafın təmin olunmasında, sosial məsələlərin həllində, ordu quruculuğunda uğurlar əldə olunmuş və bu inkişaf 2018-ci il ərzində də uğurla davam edəcəkdir. Onu da qeyd etdi ki, məhz aprel ayında keçirilən Prezident seçkilərində rayonumuzun seçiciləri də öz vətəndaş mövqeyini göstərərək, ölkə başçısına olan etimadının bariz nümunəsi kimi seçkilər də yekdillikə iştirak etmiş və yüksək səs çoxluğu ilə cənab Prezidenti dəstəkləmişlər. 74,35%-i səs vermək üçün seçki məntəqələrinə gələrək rayon seçiciləri 86,93% səs çoxluğu ilə cənab Prezident İlham Əliyevə sadiq olduqlarını bir daha göstərmişlər.
İlin birinci yarısının nəticələri göstərir ki, Azərbaycan bütün sahələrdə çox sürətlə inkişaf edib, beynəlxalq mövqelərimiz möhkəmlənib, ölkə daxilində proseslər müsbət istiqamətdə gedir, iqtisadi inkişaf təmin edilir, ordu quruculuğu uğurla gedir, ölkəmizin təhlükəsizliyini təmin etmək məqsədilə yüksək səviyyədə tədbirlər görülür, bütün sosial məsələlər öz həllini tapır.
2016-cı ilin Aprel döyüşləri və qazandığımız böyük qələbə, eləcə də bu ilin mayında Naxçıvan əməliyyatı və minlərlə hektar torpağın işğalçılardan azad edilməsi - bütün bunlar Azərbaycan Ordusunun döyüş qabiliyyətinin yüksək təzahürüdür.
Yığıncaq RİH başçısının müavini Nizami Mönsümovun görülən işlər barədə çıxışı ilə davam etdirildi. N.Mönsümov bildirdi ki, fəaliyyətini Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tələb və göstərişləri əsasında quran Zəngilan Rayon İcra Hakimiyyəti rüb ərzində rayonun sosial-iqtisadi inkişafı ilə bağlı bəzi işlər görmüş və bir sıra tədbirlər həyata keçirmişdir.
Ölkə başçısı sənaye istehsalı və kənd təsərrüfatı sahələrinin prioritet sahə adlandıraraq, rayonlarda sənaye zonalarının yaradıldığını, yeni zavodların istifadəyə veriləcəyini və görüləcək işlərin bu sahədə artıma səbəb olacağını vurğuladı.
2018-cı ilin I yarısında məşğul əhalimizin çalışdığı kənd təsərrüfatının əkinçilik, bitkiçilik, ət, süd, yun istehsalı və heyvandarlıq göstəricilərində artım olmuş, 500 kq yaş barama iyun ayında Azəripək Şəki ASC-yə təhvil verilmişdir. Həmçinin, ayrı-ayrı təsərrüfatlarda əkilmiş 44,55 hektar taxıl sahələrinə aqrotexniki qaydalara uyğun bitişi alınmış, ziyanverici həşarat və alaqlara qarşı herbisidlərlə çiləmə işləri başa çatdırılmışdır. Artıq biçin işinə başlanılmış, 20,18 hektar arpa sahəsində 54,5 ton, 24,37 hektar buğda sahəsində isə 58,5ton məhsul əldə edilmişdir. Cari ilin 1-ci yarımilinə ümumiməhsul 113 ton olmuşdur.
Rayon Suvarma Sistemləri İdarəsi 2018-ci ilin I yarımili ərzində qismən fəaliyyət göstərməklə nasos stansiyası vasitəsilə Sabirabad rayonu Rüstəmli kəndində yerləşən qəsəbədə məskunlaşan məcburi köçkünlərimizin əkin və həyətyanı sahələrinin, eləcə də qəsəbəyə içməli və bütün növ məişət-kommunal sularının verilməsinə xidmət göstərmişdir. 156 hektar əkin və həyətyanı sahələrində, eləcə də 30 hektar pambıq sahəsinin aratında, 45 hektar taxıl sahəsinin, 5 hektar tut bağının, 56 hektar yonca sahəsinin və digər kənd təsərrüfatı bitkilərinin, həyətyanı sahələrinin suvarma işləri aparılmış, hal-hazırda suvarma işləri davam edir, qəsəbə əhalisinin içməli və məişət-kommunal sularına tələbatı ödənilir.
Məcburi köçkünlərin yaşayış şəraitlərinin yaxşılaşdırılması və məşğulluğun artırılması istiqamətində I yarımildə də bəzi işlər görülmüş, məcburi köçkün ailələrin müraciətləri əsasında üzləşdikləri çoxsaylı problemlərin qaydaya qoyulmasına müvafiq köməklik edilməklə, ağır şəraitdə yaşayan bir neçə köçkün ailəsinin yaşayış şəraitlərinin cari təmir hesabına qismən yaxşılaşdırılması,  həmçinin, evi yanan 3 məcburi köçkün ailəsinin evlərinin təmir edilməsi və bəzi ev əşyalarının alınması üçün onlara rayon icra hakimiyyətinin daxili imkanları hesabına maddi köməklik edilmişdir.
Cari ilin I yarısında rayon yerli xərclərinin icrasına ayrı-ayrı xərc maddələri üzrə əsasən əməl edilmiş, yəni ümumi dövlət xidmətləri 89,60%, təhsil xərcləri 64,79%, səhiyyə xərcləri 86,51%, gənclər siyasəti 40,35%, kommunal təsərrüfatı xərcləri 96,33%, sair müxtəlif xərclər 52,77%, ümumilikdə yerli xərclər 82,76% icra edilmişdir.
Rayon Vergilər şöbəsidə 2223 vergi ödəyicisi uçota alınmışdır ki, bunlardan 84 nəfəri hüquqi şəxslər, 2139 nəfəri isə fiziki şəxslərdir. O cümlədən, müvafiq olaraq hüquqi şəxslərdən 53-ü dövlət mülkiyyəti, 5-i ictimai birlik, 26-ı isə xüsusi mülkiyyətdir. Faktiki fəaliyyət göstərən 714 vergi ödəyicisinin 60-ı hüquqi şəxs, 654-ü isə fiziki şəxslərdir. Rayon Vergilər şöbəsinə cari ilin I yarısında nəzərdə tutulmuş 743,70 min manat plan proqnoza qarşı 880,26 min manat vəsait daxil olmuşdur ki, bu da planın 118,36% icra edilməsi deməkdir.
Rayon Təhsil şöbəsi cari ilin I yarısında rayonun ümumtəhsil müəssisələrində təlimin keyfiyyətinin yüksəldilməsi istiqamətində müəyyən işlər görmüşdür. İlin əvvəlindən fəaliyyət göstərən məktəblərə 5167 şagird cəlb edilmişdir ki, onların təlim-tərbiyəsi ilə 876 pedaqoji işçi məşğul olur.
Cari ilin iyun ayında respublikada keçirilmiş buraxılış imtahanlarında 461 nəfər IX sinif, 460 nəfər isə XI sinif şagirdləri iştirak etmişdir ki, IX sinif üzrə 67%, XI sinif üzrə isə 82% nəticə əldə edilmişdir. Buraxılış imtahanlarında IX sinif üzrə 21,30 və 31 №-li, XI sinif üzrə isə 1,3,13,21,24 və 37 №-li tam orta məktəblər zəif nəticə göstərmişlər.
Qəbul imtahanlarında iştirak edən 334 nəfərdən 257 nəfəri keçid balını toplamışdır ki, onlardan da 16 nəfəri 600-dən yuxarı bal toplamışlar. Bu da I mərhələdə 77% nəticə deməkdir.
2018-ci ilin I yarısında əhalinin tibbi müayinəsi zamanı 31441 nəfər ambulator qəbula cəlb edilmişdir ki, onlardan da 19 nəfəri müxtəlif tibb müəssisələrinə müalicəyə göndərilmişdir. 196 nəfər şəkər xəstəsi qeydiyyata alınaraq, mütəmadi şəkərsalıcı dərmanlar, qlyukometr aparatı və digər tibbi preparatlarla təmin olunmuşdur
Rayon idmançıları bir sıra nəailiyyətlər əldə etmiş, “Sərhədçi” Olimpiya İdman Mərkəzində keçirilən Qaradəniz və Xəzəryanı ölkələrin idmançıları arasında karate üzrə çempionatdan Araz Zəngilan İdman Klubunun idmançıları 1 qızıl, 2 bürünc medal qazanmışlar..
Cari ilin I yarımili ərzində 5315 nəfərə əmək pensiyası verilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Zəngilan rayon şöbəsinə 68 nəfər pensiyaya çıxmaq üçün ərizə ilə müraciət etmiş, həmin müraciətlərə qanunauyğun qaydada baxılaraq pensiya təyin edilmişdir.
Birinci yarımildə 676 nəfərə sosial müavinət, 956 nəfərə kommunal,  nəqliyyat və digər xidmətlərə görə müavinət, 395 nəfərə müxtəlif kateqoriyalar üzrə Prezident təqaüdümüavinəti ödənilmişdir. Sosial Məişət Xidməti sektoru üzrə 54 nəfər tənhaya xidmət olunmuşdur.
DSMF-nin Zəngilan rayon şöbəsinin 2018-ci ilin I yarısında dövlət sosial sığorta ayırmaları üzrə gəlirləri 334,4 min manata qarşı 329,8 min manat, yəni 98,6% olmuşdur. Büdcə 200,6 min manata qarşı 194,0 min manat, yəni 96,7%, qeyri-büdcə 133,8 min manata qarşı 135,8 min manat, yəni 101,5% olmuşdur.
Cari ilin 6 ayı ərzində 33 nəfər fiziki şəxs qeydiyyatdan keçmişdir ki, şöbə üzrə qeydiyyata alınan fiziki şəxslərin sayı 1838 nəfər olmuşdur. Bunların da işçi sayı 281 nəfər olmaqla 431 nəfəri fəaliyyətdə olan fiziki şəxslərdir.
Birinci yarımildə Rayon İcra Hakimiyyəti başçısı tərəfindən qəbul edilmiş vətəndaşların sayı 556 nəfər olmuşdur ki, bunların da 412 nəfəri müxtəlif kütləvi məskunlaşma yerlərində keçirilən 18 səyyar qəbul zamanı, 144 nəfəri isə rayon İcra Hakimiyyəti başçısı aparatında olmuşdur.
Birinci yarımil ərzində mərkəzə 161 nəfər işaxtaran vətəndaş müraciət etmişdir. Müraciət edənlərin 97 nəfəri 29 yaşadək gənclərdir. Müraciət edən işaxtaranlardan 12 nəfəri Mərkəz tərəfindən müxtəlif peşələrdə münasib işlə təmin olunmuşdur. Mərkəzdə qeydiyyata alınmış 24 nəfər işaxtaranlarla qarşılıqlı məsləhətləşmə əsasında onları yeni peşə öyrənmək üçün kompüter mühasibatlığı peşəsinə cəlb olunmuşdur ki, onlardan da 19 nəfəri qadınlardır.Ümumilikdə 87 nəfərin 54-ü 29 yaşadək gənclərdir. Hazırda Mərkəzdə işaxtaranların ümumi sayı 587 nəfərdir.
Bu ilin birinci yarısında əhalinin sosial müdafiəsi məsələləri üzrə ümumilikdə 68 məcburi köçkün ailəsinə (9 şəhid ailəsi, 7 Qarabağ əlili,  52 aztəminatlı, ailə üzvü xəstə olan, tənha və mənzil şəraiti yararsız olan ailələr) yardım edilməklə digər vacib xeyriyyə tədbirlərinin keçirilməsi təmin edilmişdir.
Məruzə  ətrafında edilən çıxışlarda görülmüş işlər və 2018-ci ildə qarşıda duran vəzifələr müzakirə edilməklə Təhsil şöbəsinin müdiri Nəsib Miriyevin,  rayon Suvarma Sistemləri İdarəsinin rəisi Halay Həsənovun, DSMF-nin müdiri Şakir Nuriyevin çıxışları dinlənilərək  ayrı-ayrı sahələr üzrə mövcud vəziyyətlə bağlı qarşılıqlı fikir mübadiləsi aparıldı.
İclasın sonunda Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov həlli zəruri olan mühüm məsələləri diqqətə çatdırdı və zəngilanlıların möhtərəm Prezidentimiz İlham Əliyevin ətrafında bundan sonra da sıx birləşəcəyinə, bütün sahələrdə öz işlərini onun apardığı uğurlu siyasətin tələbinə uyğun quracaqlarına əmin olduğunu bildirdi.

Keçidlər