Şriftin ölçüsü :

Saytın rəngi :

2016-cı ilin aprel ayında Ermənistanla Azərbaycan silahlı qüvvələri arasında baş verən döyüşlərdə canlarını qurban verən şəhidlərimizin xatirəsinə həsr olunan "Şəhidlər ölməz, Vətən bölünməz" adlı tədbir keçirildi

24 aprel 2018 | 16:00

Zəngilan rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə 2016-cı ilin aprel ayında Ermənistanla Azərbaycan silahlı qüvvələri arasında baş verən döyüşlərdə canlarını qurban verən şəhidlərimizin xatirəsinə həsr olunan "Şəhidlər ölməz, Vətən bölünməz" adlı tədbir keçirildi.
Tədbirdə Zəngilan Rayon İcra Hakimiyyəti başçısı, müavinləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zəngilan rayon idarəsinin rəisi, aprel döyüşlərinin qəhrəman Şəhidlərinin valideynləri, ictimai birliklərin nümayəndələri və gənclər iştirak etdilər.
Tədbir Azərbaycan Respublikasının suverenliyi, azadlığı və torpaqlarımızın bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş oğullarımızın əziz xatirəsinin bir dəqiqəlik sükutu ilə açıq elan edildi.
Daha sonra Zəngilan rayon İcra Hakimiyyəti başçısı Ramiz Həsənov çıxış edərək bildirdi ki, Azərbaycan ordusunun öz gücünü və peşəkarlığını bütün dünyaya göstərdiyi qəhrəmanlıq səhifəsi olan və 4 gün davam edən Aprel döyüşləri xalqımız üçün sınaq oldu. 2016-cı il aprelin 1- dən 2-nə keçən gecə bütün cəbhə boyu Azərbaycan mövqeləri, yaşayış məntəqələri düşmən  tərəfindən güclü artilleriya atəşinə məruz qaldı. Azərbaycan ordusu cavab atəşi ilə qısa zaman ərzində düşməni susdurdu  və Tər-Tər rayonu Talış kəndi ətrafındakı yüksəklik və Seysulan kəndi, Cəbrayıl rayonunun Lələ təpə yüksəkliyi, Cocuq Mərcanlı, Goranboy rayonu Gülüstan kəndi, Tər-Tər rayon Qazaxlar kəndi və Tər-Tər rayon Madaqizkənd istiqamətindəki yollar düşməndən azad olundu.
Rayon rəhbəri qeyd etdi ki, bu müharibə ilə mənfur düşmənin  uzun illər öz ordusu haqqında yaydıqları mif darmadağın edildi. Bu hadisələr bir daha Azərbaycan ordusunun gücünü, qüdrətini göstərdi. Atılan mərmilərin  yaşayış evlərini hədəf seçməsinə baxmayaraq Tər-Tərdə, Ağdamda bir nəfər belə öz yurd yerlərini tərk etmədi. Bu, bir daha xalqımızın ucalığını, birliyini göstərdi. Ordumuz, xalqımız ölkə rəhbərinə inanır və ali baş komandanın ən düzgün siyasi qərar verəcəyindən əmindir. Və ordumuz bu qərarın veriləcəyi gün torpaqlarımızı azad edəcək.
Daha sonra çıxış edən Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zəngilan rayon idarəsinin rəisi Eldəniz Süleymanlı və Qarabağ müharibəsi əllilləri, veteranları və şəhid ailələri ictimai birliyinin sədri Ənvər Məmmədov bildirdilər ki, ölkəmizdə yeniyetmə və gənclərin vətənpərvərlik, vətəndaşlıq tərbiyəsinin gücləndirilməsi, gənclər arasında dövlətçilik, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət hisslərinin yüksəldilməsi məqsədilə mütəmadi olaraq tədbirlər keçirilir.
Qarabağ uğrunda gedən döyüşlərdə itirdiyimiz hər gəncin bir kitablıq həyat hekayəsi, qəhrəmanlıq dastanı var. Tədbirdə bu qəhrəmanlardan üçü - Döyüş meydanında qəhrəmanlıq və mərdlik izi qoyan şəhid Müşfiq Orucov, Rəşad Niftalılı Rəşid Baxşəliyev haqqında məlumat verildi. Dövlətimizin müstəqilliyi, ərazi bütövlüyü və tərəqqisi uğrunda aparılan mübarizədə yenilməz rəşadət və misilsiz vətənpərvərlik nümunələri göstərmiş, Aprel döyüşləri zamanı  qəhrəmanlıqları ilə nümunə olacaq igidlər haqqında videorolik nümayiş etdirildi.
Daha sonra qəhrəman şəhidlərimiz Müşfiqin atası Arif müəllim, Rəşadın atası Şakir müəllim Rəşidin atasına çıxış üçün söz verildi.
Tədbirin sonunda Zəngilan rayon 4 nömrəli tam orta məktəb şagirdlərinin hazırladıqları, aprel döyüşlərini əks etdirən və doyüşlərdə şəhid olan qəhrəmanlarımız haqqında kompozisya nümayiş olundu.

Keçidlər